insan problemi

Üstüvüzə sağlıq, bu yaxınlarda səhhətimdə bir az problemlər vardı. Bununla əlaqədar dünyada ən nifrət etdiyim iki yerə – aptekə və xəstəxanaya getməli oldum. Amma hər iki yerdə elə bil xəstəlik, ölüm ab-havası var. Bütün bu dərman iyləri biri-birinə qatışıb iyrənc bir iy buketi yaradır.

Hələ ordakı xidmətdən danışmıram. Ümumiyyətlə, Azərbaycanda xidmət sahəsində inkişaf  templəri sıfırdır. Bizim həkimlərə, satıcılara, ofisiantlara, bank işçilərinə, satıcılara etika dərsi vermək pis olmazdı. Onların hamısında kiçik adam kompleksi var. Özlərini başqalarının gözündə təsdiq etmək üçün insanları alçaltmaq kimi xüsusiyyətlərə malikdirlər. Bu  xüsusən də məşhur firmaların Bakı filiallarına aiddir. Alıcıya yuxarıdan aşağı münasibət, sıfır səviyyəsində xidmət insanları ordan baha qiymətlərdən çox qaçırdır.
Əlqərəz, gedib çıxdım həkimə. Həkim üzümə baxıb, nəbzimi yoxlayıb heç şikayətçi olmadığım orqanlarımdan mənə dastan oxumağa başladı. Sonra 2 səhifəlik resept yazdı. Əlbəttə, kim əczaçılıq firmalarından faiz almaq istəməz ki? Amma mənim hesabıma yox! Analizlərin, UZİ-nin və ya nə bilim, başqa nələrin diaqnozun dəqiq qoyulmasında rolu haqqında fikirlərim həkim tərəfindən sarkazmla qarşılandı. Həkimimdən sitat: “Əvvəllər UZİ-muzi yox idi. Adamlar da yüz yaşına qədər yaşayırdılar, qızım”. Əlimdə resept çıxıb dost-tanışlara zəng edib normal həkim sorağına çıxdım. 3000 kontur xərcləyəndən sonra mənə bir “qəssab olmayan” doktor nömrəsi verdilər. Nə isə, saat 4-də əlimdə resept evimizin yanındakı aptekə girdim. Düzünü desəm, bütün günkü qaçhaqaçdan sonra xəstəliyim də yadımdan çıxmışdı. Budur Azərbaycan tibbinin böyüklüyü, bir iynə vurmadan, bir dərman içizdirmədən adamı sağaltmaq. Aptekdə satıcı xanımların turşudulmuş üzlərinə baxıb geri qayıtmaq istədim. Amma Yuli Sezarın təbirincə desək, Rubikon keçilib və geriyə yol yoxdur. «Ölmək ölməkdir, daha xırıldamaq nə deməkdir?» kimi sözlərlə özümü piştaxtaya yaxınlaşmağa məcbur etdim. Ağ xalatlı “məlaikələrə” resepti uzadıram. Böyük minnət hissi aşılayan baxışlarla süzülürəm iki cüt rentgenə oxşar gözlərlə. Sonra kraliçalara məxsus əda ilə orta yaşlı, saçları pırpız, qaşları tatuajlı, dırnağındakı lak yarıya qədər pozulmuş əczaçı xanım mənim sifariş verdiyim dərmanları gətirir. Acığı, pulun qalığını son qəpiyinə qədər tələb edirəm. Nifrət dolu baxışların müşayiəti ilə yüksəlmiş əhval-ruhiyyə ilə apteki tərk edirəm.
Evin yanında xatırlayıram ki, çörək yoxdu. Geri, marketə qayıtmağa həvəsim yoxdu. Yadıma düşür ki, bacım buralarda hardasa təndir çörəyi yapıldığından danışıb. Həmin yeri tapıram. Gərək bu mənzərəni öz gözləriniz ilə görəydiniz. Qarajlar. Maşınların yuyulması, təmiri ilə məşğul olan ustalar. Və bunların  arasında təndir çörəyi yapılan yer. Iki qadın gecə-gündüz, istidə-soyuqda orda təndir çörəyi yapır. Dediklərinə görə, qəpik-quruş alırlar. Şərait də sən deyən yoxdur. Amma əllərindən başqa iş gəlmədiyinə görə məcburdurlar bunu etməyə. Amma üzləri gülür, dillərindən «xala qurban» sözü əskik deyil. Adama müsbət enerji verirlər iki ipisti, dadlı təndir çörəyi ilə bir yerdə. Bilmirəm, niyə bu qadınları görəndə, hər şeyin o qədər də pis olmadığını anlayıram? Belə öz halal zəhmətləri ilə çalışıb insanlığını itirməyənlər üçün yaşamağa deyər…

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma