Fəxri yer

Adi azərbaycanlının həyatından bir neçə epizod
Səhər saat 7.00. Zəngli saatın  səsi. Gözlərimi aça bilmirəm. Bu gecə də  evimizin yanında yeni tikilən “novostroyka”da gedən tikintinin  səsindən yata bilməmişəm. Bütün gecə əraziyə qum daşıyan maşınların nəriltisi məni – əsəbləri heç nəyə yaramayan şəhərlinin yuxusuna haram qatıb.

Aradabir insan səsləri maşın gurultularına qalib də gəlir. Allah bilir neçənci mərtəbədə olan fəhləyə aşağıdan qışqırırlar: “Ayə, o siqaretin birini aşağı tulla”. Qanuna görə, insanların yaşadıqları yerlərdə gecə vaxtları tikinti işləri aparmaq  yasaqdı. Bunu bilə – bilə bayıra çıxıb etiraz etmək ağlıma gəlmir. Axı mən azərbaycanlıyam. Nəyəsə etiraz etmək mənim ruhumda yoxdu. Dədə-babadan belədir.
Oyanmaq üçün televizoru yandırıram. Köhnə vərdişimi pozmayıb Ans – ə baxıram. Çöreyin qiymətinin qalxmadığını iddia edir. Müxalifətin bu xəbərlə iqtidarın uğurlarına kölgə salmaq cəhdi kimi qiymətləndirir bu xəbəri.  Bu süjetdən sonra iştahım və əhvalım pozulur. Səhər yeməyi yeməməklə iki banka yoğurta qənaət edirəm. Əsnəyə – əsnəyə metroya gedirəm. Metroya girişdə polislər və dilənçilər mahiyyətcə eyni  sadəcə uniforma fərqi olam işləri ilə məşğuldurlar. Səhər qatara girən kimi bir dilənçi dirsəkdən kəsik qolunu gözümə soxub pul istəyir. Əsəblərim yerində deyil. Yoxsa Murad Köhnəqala kimi ona deyərdim ki, “mənə nə, mən eləmişəm?”.
İşə getməmişdən əvvəl yolumun üstündə olan banklardan birinə girib kommunal xərcləri ödəmək istəyirəm. Kassir çekdə göstərilən məbləğdən  bir neçə qəpik çox pul alır. Bir neçə qəpik üstündə səsimi çıxartmaq mənə yaraşar? Birdən fikirləşərlər ki, mən bu qəpikləri halal zəhmətimlə qazanıram və onları belə boşuna xərcləmək istəmirəm. Qalığı istəməyən adamların yüzlərlə olduğunu da yaxşı bilirəm. Onda belə çıxır ki, gün ərzində kassir mənim bir həftə ərzində qazandığımdan az qazanmır. Amma etiraz etmək mənim da  ağlıma gəlmir. Axı mən azərbaycanlıyam.
Yay mövsümü və sağlam həyat tərzinə hörmət əlaməti olaraq meyvə almaq fikrinə düşürəm. Həmişə alış – veriş etdiyim dükana gedirəm. Satıcı hər kiloqramda mənə 100 – 150 qram “atır”. Bilmirəm niyə, amma ürəyimdə bütün hökuməti, alverçiləri, bank işçilərini, “Azərsunu”, “Bakenerji”ni ən xoş sözlərlə xatırlayıram. Bu ölkədə hamı bir-birinə atmaqla özünə gün ağlayır. Amma satıcıya heç nə demirəm. Başqa dükana yaxud bazara getmək ağlıma belə gəlmir. Çünki azərbaycanda bütün tərəzilər, hətta məhkəmələrdə femidanın tərəzisi də təqribən bu cür işləyir. Bir də iki ildən çoxdu ancaq burda alış-  veriş edirəm, salam-məleykümüz var satıcıyla. Neyləyək, mən axı azərbaycanlıyam.

Avtobusla gedirəm. Sürücü siqaret çəkir. Ucuz siqaretdir. Tüstüsü əsəblərimi cırmaqlayır.  Maqnitafonda tükürpədici səsli müğənni “ Mən səni görmək istəsəm hara gəlim” deyə kiməsə müraciət edir. Deyəsən, qarşı tərəfdən cavab yoxdur. Mahnının axırına kimi görüşün yeri və vaxtı  barədə vədələşmə olmur. Musiqinin səsindən pleyerdə qulaq asdığım musiqini eşitmirəm. Susuram. Nəyə görə axı mən sürücüyə xatırlatmalıyam ki, o, dədəsinin evində deyil, ictimai nəqliyyatdadır? Qoy başqaları ona bunu desin. Onlar nəsə deyəndə də sakitcə duracam. Nə işimə? Beş dəqiqəlik narahatçılıq üçün özümü pis eləməyəcəm ki. Onsuz da düzələn deyil. Öz gözündə özünə bəraət qazandırmaq əsl azərbaycanlılara məxsus haldır. Nə etməli, mən axı azərbaycanlıyam. Və öz aramızdı, mən bununla fəxr edirəm…

“Fəxri yer” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma