Emin kimi yaşamaq

 

Yaşamak bir ağaç gibi, tek ve hür,
Ve bir orman gibi kardeşcesine.
Nazim Hikmət

Bu sətirlər tez- tez  ölkədə dəyişiklik arzulayan gənclərin   toplaşdığı görüşlərdə təkrar olunurdu.

Həmin görüşlərdə mən Emin , Adnan və başqa həyatımda çox dəyər verdiyim insanlarla tanış olmuşdum. Emin hər dəfə  təkrarlayırdı ki, bu sətirlər tam onun uğrunda mübarizə apardığı  dəyərləri əks etdirir. Keçmiş zamanda danışmağım təsadüfi deyil.

Əfsuslar olsun ki, Emin 1 il 5 aydır  sevdiyi  Nazim Hikmət kimi, ideallarına sadiq çıxıb, kiminsə sifariş etdiyi mahnı sədaları altında meymun kimi oynamadığına görə həbsdədir. Bugün onun 31 yaşı tamam olur.

Qurucularından biri olduğu AN şəbəkəsi bir platforma idi. Orda dinə, siyasətə, həyata  fərqli baxışları olan insanlar toplaşmışdı. Onlar bu mikro mühitdə   münasibətlərdə harmoniyanı tapmışdılar. Niyə hələdə keçmiş zamanda danışıram?

Əslində bu sadəcə birinci abzasın təsiridir. AN şəbəkəsi yaşayır. Və hər birimiz bilmədən, Eminlə tanış olandan sonra bu şəbəkənin bir üzvü olurduq. Şəbəkənin Kapelxausda görüşləri bitsədə, AN şəbəkəsinin üzvlərinin dostluğu və bərabər fəaliyyəti bitmədi.

Emin inanırdı və inanır ki, kimləsə oturub söhbət etdikdən sonra ortaq fikrə gəlməmək mümkün deyil! Sadəlövhcəsinə səslənir?

Əslində birinci mənə də qəribə gəlirdi. Mən “Azərbaycanda insanlara inanmaq olmaz, hər zaman şübhələn” prinsipinə  sadiq idim və sadiqəm.

Amma bu insanların sadəlövhcəsinə buna inanması qəlbimdəki o inamsizlıq buzunu  bir azda olsa əritdi. Düzdür hər zaman Eminin mübarizə metodları ilə bağlı mübahisə edirdim. Elə olurdu ki, səhərə qədər mənim mətbəximdə  olan iclaslarda qızğın müzakirələr edirdik.

Ortaq məxrəcə heç vaxt gəlmirdik. Amma indi bunların nə qədər anlamsız olduğunu hamı başa düşür. Bizim hamımız cəbhəçisi, müsavatçısı, OLçusu, Ançısı,  AYOçusu  o vaxt və indi eyni şey uğrunda hərə öz vasitəsi ilə mübarizə aparırdıq və sona qədər mübarizə aparacağıq.

Bu azad, demokratik, insan haqqlarının hörmət edildiyi, hamıya eyni  imkan sağlayan Azərbaycan uğrunda mübarizədir. Biz öz ölkəmizdən, dostlarımızdan, ailələrimizdən və azadlığımızdan ədalət uğrunda mübarizə apardığımıza görə məhrum  olmaq istəmirik. Amma insan bir yolu seçəndə, artıq onun çətinliklərini də gözə almalı olur.

Emin və Adnan  həbsdə olanı çox şey dəyişdi. Eminin  atası rəhmətə getdi.  Eynullanın cibinə nəşə atdırıb onun azadlığa çıxmasını bir neçə il də ertələdilər.

Gənclərin həbsindən şou düzəldib hakimiyyətə yaltaqlananlar deputatlığa namizəd oldular. Ətrafında olan gənclər onların həbsindən sonra pərən – pərən oldu, kimisi isə əksinə  Emin və Adnanın həbsindən sonra başa düşdü ki, belə olmaz və mübarizəyə qatıldı, Emin və Adnan adları azadlıq uğrunda mübarizənin simvoluna çevrildi.

Divar,  onların və bizim aramızdakı divar və uçurum böyüdü. Artıq bu həbs göstərdi ki, bitərəf olmaq olmaz. Susmaq – yalan danışmaq deməkdir. Yalan danışaq isə şərin yanında olmağa bərabərdir. Bu sərhəd  şərlə xeyir arasında elə dəqiq çizildi ki, “mənim siyasətlə işim yoxdur”  deyənlər tərəf seçməyə məcbur oldu.

Əziz Emin, Ad günün mübarək! Adnan yazdığı kimi, bir gün  bu iki ili pis yuxu kimi xatırlayacağıq.

Yazını Eminin həbsxanadan göndərdiyi ilk və hələlik son məktubu ilə bitirmək istəyirəm!

Mənəvi qələbə bəyannaməsi

Bizim Düşüncəmiz onların qorxusundan üstündür…
Bizim Coşqumuz onların gücündən üstündür…
Bizim Sevgimiz onların nifrətindən üstündür…

Bizim
Azadlıq Düşüncəmizi,
Ədalət Coşğumuzu,
İnsanlıq Sevgimizi
Bayram Edək!

Emin Milli

11 noyabr, 2009 – cu il

Bu yazı http://abzas.net/index.php?mod=news&act=view&nid=31177 saytında ilk dəfə dərc olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma