Payızın gətirdiyi Kədər

2008 – ci il, Bakı
Biz (yəni mənim nəslim) nə amansız, qan su yerinə axan savaşlar, nə soyuq müharibələr, nə də böyük depressiyalar yaşamadıq. Bizim müharibəmiz ideoloji müharibədir, bizim böyük depressiyamız həyatımızdır.
Hər səhər yuxudan oyanmaq üçün özümlə amansız mübarizə aparıram. Yuxudan oyanmamaq, boş, mənasız həyatımla üz-üzə gəlməmək üçün rəngli yuxular dünyasında bir az da çox qalmaq istəyirəm. Yuxu. Son zamanlar mənim yeganə xilasedici dairəm. Həyatımda ən çətin olanı yuxuya getmək və yuxudan oyanmaqdır son zamanlar. Gecələr maraqlı internet aləmi və tipimə görə bayquş (gecə daha çox əmək qabiliyyətli) olmağım məni normal insanlar kimi ən geci saat 12-də yatmaqdan məhrum edir. Yuxu aləmində daha çox qalıb özümü güvənli, güclü və məğlubedilməz hiss etmək o qədər gözəldir ki. Şüuraltı dünya heç bir əziyyət, ya da artıq güc tələb etmir, orada heç kim məni sancmağa, incitməyə, ya da əsəblərimlə oynamağa çalışmır. Bu dünyada mən heç kimi qorumuram, əksinə.
Hər yaxşı şey kimi yuxuların da sonu olur. Amma sonu olmaya da bilər, bu lənətə gəlmiş telefon olmasa. Səhər ya sms, ya da zəng adamı bu rahat və güvənli dünyadan ayırır. Lənət şeytana! Yenə görüşə gecikirəm! Ayaqlarımı yataqdan endirib dünyada hər şeyə və dünyanın özünə belə lənət oxuya-oxuya yumşaq narıncı rəngli, it formasında olan “damaşniklərimi” tapıb vanna otağına gedirəm. Güzgüdən mənə saçları əl çalan, üzündən yorğunluq, şişmiş gözlərindən yuxusuzluq tökülən tanış bir sima acıqla baxır. Telefonumdan 3 dəqiqəlik mahnı tapıb yandırıram və dişlərimi yumağa başlayıram. Sonra tam oyanmaq üçün otaqları məqsədsiz gəzməyə başlayıram. Səhərlər evdə tək olduğuma bəzən sevinirəm. Çaynikin fiti mənim səhər gəzintimə son qoyur- kofeee! İnsanların icad etdiyi ən gözəl içki. Və dünyanın ən gözəl mahnısı- Viktor Tsoy, “Peçal”. Son bəndini bir neçə dəfə dinləyirəm.

A vokruq blaqodatğ – ni çerta ne vidatğ,
A vokruq krasota – ne vidatğ ni çerta.
İ vse kriçat: “Ura!” İ vse bequt vpered,
İ nad gtim vsem novıy denğ vstaet.
Dom stoit, svet qorit,
İz okna vidna dalğ.
Tak otkuda vzəlasğ peçalğ?
İ, vrode, jiv i zdorov,
İ, vrode, jitğ ne tujitğ.
Tak otkuda vzəlasğ peçalğ?

Kədərin hardan gəldiyini bilmirəm, bəlkə payıznan gəlib, bəlkə də heç nəyi dəyişə bilməməyinin çarəsizliyidir. Bəlkə ölümün sənə yavaş-yavaş yaxınlaşdığını hiss edirsən. Və həqiqətən də belə baxanda sağ-salamatsan, cavansan, az-çox nəyəsə nail olmusan. Amma hamı “URA!” Qışqıranda sənin içindən bu sözü qışqırmaq gəlmir. Sadəcə tragikomediyanın bir hissəsi olmaq istəmirsən. Amma URA qışqıranlara yaxınlaşıb onları da düz yola çəkə bilmirsən. Çünki özün çaşıb qalmısan- düz yol hansıdır! Bəlkə hamı düz yoldadır, mən səhv yolla addımlayıram? Yox, geri- yuxular aləminə, orada məndən heç nə tələb olunmur, orada mənim rolum var və mən bu rolu oynamaqdan xoşbəxtəm. Rəngli röyalar dünyasına! Boz, monoton həyatdan bezmişəm! Yenə telefon səsi! Qaldırmıram! Yorğanı üstümə çəkirəm, balışın altında gizlənirəm. Amma bu fikirlərdən can qurtarmaq olmur. Həqiqətən də həyat bozdur. Orda güvənlik yoxdur, dostu qeyri-dostdan ayırmaq çətin olur, orada səni incidə bilərlər, asanlıqla xətrinə dəyə bilərlər, orada sən yanlış qərarlar qəbul edə bilərsən, amma bu, real mübarizədir. Öz dünyamda gizlənmək qorxaqlıq kimi alınır. Mən isə heç vaxt qorxaq olmamışam. Real, amma boz dünyada sənə şans verən də tapılacaq, çətinlikdən çıxmağa kömək edən tək-tük, adamlıqdan çıxmayanlar da olacaq. Bunsuz olmaya bilməz. İncidən olsa da xoş söz də deyən bəlkə tapıldı. Balışın altından başımı çıxardır, yenə salıram, yox əsl bayquşam. Günəşi heç sevmirəm. Niyə axı gecələr yatmaq lazımdır, gündüzlər işləmək? Olmaz ki tərsinə olsun? Yenə telefonun səsi. Mığ-mığ, deyinə-deyinə əlimi yorğandan çıxardıb telefonu tapıram. Cavab vermək lazımdır! Yeni gün başladı..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma