Azadlıq kompleksi

Biz niyə torpağı sevirik, dənizi yox?

Dəniz – psixologiyada azadlıq rəmzidir. Azərbaycanlılar dəniz sahilində yaşayırlar. Onun varlığını bilirik. Amma qorxuruq.
Orta statistik azərbaycanlı dənizə getsə də, üzə bilmir, yaxt-klubu olsa da, yaxta sürmür, elə ömründə üçcə dəfə bulvardakı gəzinti gəmisinə minməklə kifayətlənir – birinci dəfə sevgilisiylə, ikinci dəfə nişanlısı, üçüncü dəfə uşaqlarıyla (bu rəqəm sevgililərinin və övladlarının sayına görə dəyişə bilər).
Heç dənizdə “çimərkən” sahil boyu uzanan qara başlardan ibarət zolağa fikir vermisiniz? Hamısı bizim boğaza qədər dənizə girib, suyu şappıldadan vətəndaşlarımızdır. Sahildən aralanmağa qorxurlar. Üzəndə də sahil boyu sola-sağa üzürlər. Ya da ləpədöyəndəcə ayaqlarını suya salıb otururlar.
Bu yazını yazanda dostlarımdan bir-bir soruşdum – heç biri üzə bilmir, üstəlik, sualıma “təbii ki, yox” deyə cavab verən də oldu. Niyə bunun təbii olduğunu anlaya bilmədim, amma bir şeyi də fikirləşdim: görəsən, ermənilər bizdən Qarabağı yox, Xəzərin bir hissəsini istəsəydilər, necə olardı? Bulvarda “kanalizasiya məhsulları” içində üzən koka-kola butulkalarına baxanda, heç adamın inanmağı gəlmir ki, kimsə bu mazuta, nəcasətə, çirkaba görə canından keçə.
Dənizə olan laqeydlik, bəlkə də, torpaq sevgisindən doğur. Torpaq bizə çörək verir. Ona görə də bizə doğmadır, əzizdir. İnsanın qəlbinə gedən yol onun qarnından keçir. Bu səbəbdən də sərhəd, vətən dedikdə gözümüz önündə ucsuz-bucaqsız dəniz yox, pambıq tarlaları, taxıl zəmiləri, qoyun-quzu mələşən yaşıl çəmənliklər canlanır. Məncə, azərbaycanlının, hər hansı Bakı sakininin düşüncəsində bizim sərhədlərimiz elə bulvardaca bitir. Ya da olsa-olsa, dənizin, gəzinti gəmisinin dönüb şəhərə qayıtdığı nöqtədə (başbilənlərimizdə bu məsafə sonuncu neft buruğuna qədər uzana bilər). Ona görə də biz Vətənə olan məhəbbətimizi yalnız torpağa şamil edirik, dənizə yox. Görəsən, niyə biz torpağı sevdiyimiz qədər dənizi sevə bilmirik?! Sevməyimiz bir yana, məncə, bizim hər birimizdə bir dəniz xofu da var. Uşaqlıqda analarımız “dənizə getmə, udar səni” kimi qorxulu nağıllar uydurublar. Televiziya xəbərləri, qəzetlər hər dəniz mövsümündə “udan dəniz” obrazını, dənizdə batmış adamların statistikasını verməklə möhkəmlədib beynimizdə. Məncə, bizim ölkədə hər bir orta məktəb üçün bir üzgüçülük hovuzu tikdirmək lazımdır. Qoy bizim uşaqlar basketbol, voleybol, futbol və başqa “bol”lar kimi vecsiz, geydirmə oyunların yerinə, üzgüçülük kimi vacib bir idman növüylə məşğul olsunlar. Əgər mən Azərbaycan dövlətinin prezidenti olsaydım, məhz… ( !!! əstəğfürullah. Bu nə təhlükəli fikirlərdi girir beynimə?!).
Nə isə…
Məncə, bütün bunların bir izahı var: azadlıq kompleksi! Dəniz azadlıqdır. Sonsuz sərbəstlik və azadlıq. Paltardan, evdən, işdən, puldan, cəmiyyətdən, sosial statusdan, tabulardan, hətta TORPAQDAN!!!… Sonsuz azadlıq. Biz azad ola bilmirik. Ona görə də bu azadlıq kompleksimizi bizə xatırladan hər şeydən qaçırıq. Elə hərdənbir özümüzə təskinlik vermək üçün dənizin gözəlliyinə tamaşa edib, ayağımızı suda isladıb, çəkilirik öz daş komalarımıza, qapılarımızı da üzümüzə möhkəm-möhkəm bağlayıb, otururuq bazardan aldığımız təzə qoyun ətindən bişmiş yağlı bozbaşı yeməyə. Sonuncu dəfə nə vaxt balıq yemisiniz? Balıq alın. Heç olmasa övladlarınıza balıq yedizdirin. Bəlkə, bu dəniz (AZADLIQ) kompleksi onların canından çıxsın. Bizimki daha keçib.

P.S. Məni qınamayın, heç özüm də üzə bilmirəm.

2008 ci ildə yazdığm yazı

“Azadlıq kompleksi” üzərinə 2 şərh

  1. Onu qeyd etmek isteyirem ki, Xezer denizinin hec yeri Bakidaki qeder cirkli deyil. Men birinci defe Turkmenistanda suyun rengini gorende inana bilmedim ki bu Xezer denizidi. Yam yashil ve ter temiz. Azerbaycanin sahil sularina kecende suyun rengi deyishir ve en son Bakida boz reng alir.

  2. Yaxshi elaqelendirme var, ama deniz qorxusu azadliqla elaqesi tam mentiqe uygun deyil.
    Deniz qorxusu ve azadliq, mence bu milletde qorxu qanimzda qalan en pis virusdu, qush qripine mualice varsa buna heleki yoxdu. ve elave olaraq, bunun qarshisi alinmasindansa dahada mohkemlendirirler, ve bu mence dahada qorxuludu. Elbette her bir kabusun sonu oldugu kimi bunada son qoyulacaq, ama qorxuram biz onu gormeyek.

    Son soz olaraq, Gozel yazidi, sadece bir az daha cox elaqelendirmek olardi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma