qadınlar niyə siyasəti sevmir?



Noyabr yaxınlaşır. Bilməyənlərə, unudanlara, ya da laqeydlərə xatırladım ki, həmin ay onunla əlamətdardır ki, parlament seçkiləri keçiriləcək. Siyasətə, qadınların 99.9 faizi kimi nifrət edirəm. Fikrimcə, siyasət kişilər üçün, kişilər tərəfindən yaradılmış əyləncədir. Əgər hakimiyyətdə qadınlar olsaydı, heç bir zaman nüvə silahı kəşf edilməzdi, dünya müharibələri olmazdı. Çünki qadınlar mərhəmətli, ədalətlidirlər. Amma təəssüf ki, hakimiyyətdə kişilərdir.
Buna baxmayaraq, bir həqiqət var ki, siyasət özü, istədin-istəmədin, həyatımıza bu və ya başqa formada müdaxilə edir. Beləliklə, noyabr yaxınlaşır. Onun addımlarının səsini eşidirəm. Eynulla, Emin və Adnan  tutulub geydirmə ittihamlarla, ən azından 4 nəfər də namizəddi ki onların arxasınca getsin. Naxçıvanda baş verənləri oxuduqda bilmirsən güləsən, ağlayasan, qəzetlərin böyük hissəsi hakimiyyətlə sövdələşiblər, referendum “keçirildi”, konstitusiyaya yamaqlar vuruldu. Vicdanlarına qısılıb sövdələşməyə hələ ki razı olmayanlar isə əldəki və ayaqdakı barmaqların sayı qədərdir.
Gənclər təhsilə və universitetlərə meyilli deyillər, dinə və məscidlərə maraqları günü-gündən artır. İnanclı adamlara dindarlara deyil hörmətim var. Özüm inanclı olmasam da, həqiqi inanclı insanlarla söhbətləri sevirəm. Amma təəssüf ki, həqiqi inanclı, din tarixini və nəzəriyyəsini dərindən bilənlər bu axın içində tək-tükdür. Bu nonsens haqqında çox düşündüm. İnsanlar niyə məscidə gedir, amma konstitusiyaya dəyişiklik ediləndə heç kimin cınqırı da çıxmır? Fələstin-İsrail konflikti zamanı səfirliyin önündə 150 nəfər aksiya keçirdi. Ağlıma gələn yeganə cavab, insanlar hər yerdə əzildiyi və haqsızlıq gördüyü halda, məsciddə nisbi sakitlik və güvən hiss edirlər. İdeologiya krizisi də var. İslamda hər şey konkretdir. Hər halda İslamın Azərbaycan variantında. Namaz qıl, nəzir qutusuna pul at, Qurban bayramında qoyun kəs – yarısını məscidə ver, Qafqaz müsəlmanlarının xətti ilə Həcc ziyarətinə get və sən cənnətliksən, yoxsa cəhənnəmə vasil olacaqsan.
Bəzi politoloqlar qorxurlar ki, yeddi-səkkiz ildən sonra güclənən islamçı qüvvələr hakimiyyəti əllərinə alıb, İslam ölkəsi quracaqlar. İnanmıram. Buna çox adi izahım var. Bizim hakimiyyət, ovsunçunun gürzəni hipnoz etdiyi kimi, körpülərlə, analoqu olmayan iqtisadi inkişafla, tikiləndən iki həftə sonra çat verməyə başlayan olimpiya kompleksləri ilə adi insanları hipnozlayır. Hakimiyyət məsələsi indiki iqtidarın monopoliyasıdır. İnanmıram ki, bu sahədə birincilik palmasını kiməsə versin. Ən azından bu, şərəf məsələsidir bizim iqtidardakı uzaqgörən bacı və qardaşlarımız üçün.
Noyabr yaxınlaşır. Düzünü desəm bir az qorxuram. Qorxuram ki, mətbuatın onsuz da güclə gələn nəfəsi kəsilər. Qorxuram ki, sevdiyim və hər səhər oxuduğum Zamini, ya da Şahveledi zindana atarlar. Qorxuram ki istedadlı jurnalistlər “padyez”lərində öldürülərlər. Qorxuram ki, qeyri-dəqiq, qərəzli, vicdansız kanallarımız yenə çirkab kampaniyalarına başlayarlar. Qorxuram ki, xalq da bütün bunları həzm edər. Qorxuram ki, xalq seçki günü “əşi, mən səs verdim-vermədim, nə dəyişər” kimi fikrə gələr. Qorxuram ki, seçki kabinəsində namizədlərə baxıb, “hamısının əleyhinə” qrafasını qaralamaqdan başqa əlacım olmayacaq. Qorxuram və sevmirəm bu qorxu içində olan halımı. Sevmirəm siyasəti və niyəsini də indi başa düşdüm. Çünki siyasət başdan ayağa mənfi emosiyadı, qorxudu, zülmətdi. Mən isə nə qədər pessimist olsamda etrafımda isıqlı insanları sevirem!

“qadınlar niyə siyasəti sevmir?” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma